ŞUŞA QALASININ BƏRPASI
Şuşa qalasının bərpası layihəsi
Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır.
Şuşa qalasının bərpası işlərinin layihələndirilməsi, Azərbaycan Respublikasının Konstitusiyası, Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu və bu sahədə mövcud olan qabaqcıl praktika nəzərə alınmaqla BİMD Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2021-ci ildə hazırlanmışdır.
Layihənin əsas məqsədi tarixi arxiv məlumatları və biblioqrafik araşdırmalar nəzərə alınmaqla Şuşa qalasının salamat qalan hissələrində onun tarixi görünüşünü bərpa etmək, inşaat konstruksiyalarının təmirini və gücləndirilməsini həyata keçirmək, tələb olunan yerlərdə təmir işlərinin yerinə yetirilməsinin layihə sənədlərinin hazırlanmasından ibarət olmuşdur.
Bərpa işlərinin həyata keçirilməsinə yerli ixtisaslı kadrlarla yanaşı, xarici ekspertlər də cəlb olunmuşdur. Mədəni irsimizin incilərindən hesab olunan Şuşa Qalasının bərpası, bu işdə əməyi olan hər bir Azərbaycanlı üçün şərəfli və məsuliyyətli bir işdir. Bərpanı həyata keçirən mütəxəssislər, Şuşa Qalasının hər bir daşının bizim üçün nə qədər dəyərli və tariximizin şanlı səhifələri ilə zəngin olduğunu nəzərə alaraq, bərpa sahəsində mövcud olan ən müasir yanaşmaları və təcrübələri tətbiq etmişlər.
“Şuşa bizimdir! Qarabağ Azərbaycandır”
