BƏRPA İŞLƏRİ
Bərpa zamanı layihələndirmənin xüsusiyyətləri
Bərpa layihəsinin hazılanması yeni binaların layihələndirilməsindən bir çox cəhətdən fərqlənir. İlk növbədə, layihələndirmə obyekti - məsələn memarlıq abidəsi yenidən yaradıla bilməz, belə ki, artıq mövcuddur. Məhz mövcud tikilinin xüsusiyyətləri və onun vəziyyəti hazırlanan layihənin əsas məzmununu əvvəlcədən müəyyən edir.
Layihənin vacib tərkib hissəsi elmi-layihələndirmə həllərinin əsaslandırılmasıdır. Bunsuz, təklif olunan bərpanın mahiyyəti və daha çox məqsədəuyğunluğu haqqında hər hansı bir düzgün təsəvvür yaratmaq mümkün deyil. Həcm baxımından tədqiqat materialları və elmi əsaslandırmalar bir çox hallarda layihələndirmə materiallarının özlərini üstələyir. Layihə materiallarının tərkibi və təqdim etmə forması da müəyyən xüsusiyyətlərə malikdir. Bərpa layihəsi, ümumiyyətlə, hər hansı bir layihə kimi, müəyyən fəaliyyət proqramından ibarətdir. Ancaq adi bir memarlıq layihəsində bu proqram əsasən yekun nəticə şəklində təqdim olunursa, bərpa layihəsində, bərpa işlərindən sonra abidənin gözlənilən görünüşü ilə bağlı lazımi məlumatları təqdim etsə də, nəyin və necə olduğuna daha çox diqqət yetirir. Bərpa layihələndirməsinin mühüm xüsusiyyəti iş prosesi ilə sıx əlaqədə olmasıdır.
Mədəni irsin qorunması
Qarabağın işğaldan azad edilməsi xalqımızın, dövlətimizin qarşısına yerinə yetirilməsi birgə səylər tələb edən çox mühüm vəzifələr qoyur. İşğaldan azad edilmiş rayonların, şəhərlərin, kəndlərin əvvəlki simasını yeni keyfiyyətdə, indiki dövrün tələblərinə uyğun bərpa olunması qarşıda duran əsas hədəflərdəndir.
BİMD QSC mədəni irsin qorunması, azad olunmuş ərazilərin bərpası layihələrində, müasir yanaşmalardan və texnologiyalardan istifadə etməklə öz töhfəsini vermək əzmindədir. Həyata keçirdiyimiz layihələrdən əldə etdiyimiz təcrübəni gələcək layihələrdə də tətbiq etmək niyyətindəyik.